DOI: 10.28942/acj.v28i2y2026.142 ISSN:

YENİ KARDIOBIOMARKERLƏRIN YARANMASI - ÜRƏK ÇATIŞMAZLIĞININ DİAQNOSTIKASINDA DÖNÜŞ

Arzu Bəydəmirova

Bu məqalə müasir kardiologiyada ölüm və xəstələnmə göstəricilərinə görə aparıcı yer tutan ürək çatışmazlığının (ÜÇ) patogenetik mexanizmlərini, kardiobiomarkerlərin müasir patobioloji təsnifatını, onların klinik-proqnostik dəyərini və multimarker strategiyasının tətbiq perspektivlərini təhlil etmək məqsədi daşıyır. Miokardın mexaniki gərginliyi: BNP və NT-proBNP hemodinamik yükü əks etdirərək diaqnostika və proqnozda I Sinif (Sübut səviyyəsi A) tövsiyə statusuna malikdir. Hüceyrə zədələnməsi: Yüksək həssaslıqlı troponinlər (hs-cTnI/hs-cTnT) subklinik miokard nekrozunu və müstəqil mortalitet riskini göstərir. Fibroz və remodelləşmə: sST2 və galektin-3 miokard fibrozunun sürətini əks etdirir. sST2-nin yaş, böyrək funksiyası və bədən kütlə indeksindən az asılı olması onun vacib klinik üstünlüyüdür. iltihab, oksidativ stress və kardiorenal indikatorlar: hs-CRP, IL-6, GDF-15, malondialdehid (MDA), sistatin C, NGAL və kopeptin xəstəliyin ağırlaşma və kəskinləşmə riskini tamamlamaq üçün istifadə edilir. Omik texnologiyalar və innovasiyalar: transkriptomika və metabolomika sahəsindəki nailiyyətlər (xüsusən mikroRNT-lər: miR-21, miR-423-5p) xəstəliyin molekulyar fenotiplərini təyin etməyə və fərdiləşdirilmiş təbabət (personalized medicine) modelini tətbiq etməyə imkan verir. Multimarker strategiyası: Tək bir biomarkerin (məsələn, yalnız BNP-nin) xəstəliyin mürəkkəb patoloji mənzərəsini tam əks etdirə bilmədiyi vurğulanır. BNP/NT-proBNP-nin sST2, galektin-3 və hs-cTn ilə birlikdə qiymətləndirildiyi multimarker yanaşması xəstələrin risk stratifikasiyasında və müalicənin fərdiləşdirilməsində ən yüksek klinik effektivliyi təmin edir. Müasir kardiologiyada biomarkerlər sadəcə diaqnostik vasitə kimi deyil, xəstəliyin klinik fenotipini, patogenetik intensivliyini və uzunmüddətli proqnozunu müəyyən edən kompleks molekulyar indikatorlar kimi qiymətləndirilir. Multimarker yanaşması və omik texnologiyalar gələcəkdə ürək çatışmazlığının idarə olunmasında əsas strateji istiqamətdir.

More from our Archive