SOL MƏDƏCİK HİPERTROFİYASININ DİAQNOSTİKASINDA ELEKTROKARDİOQRAFİK GƏRGİNLİK-STRAİN KRİTERİYALARININ VƏ KARDİO MAQNİT REZONANS TOMOQRAFİYANIN MÜQAYİSƏLİ ANALİZİ
S.M. ƏzizliAktuallıq: Sol mədəciyin hipertrofiyası (SMH) kardiovaskulyar patologiyalarda müstəqil ölüm və ağırlaşma risk faktorudur. Klinik təcrübədə elektrokardioqrafiya (EKQ) geniş yayılmış, əlçatan skrining üsulu olsa da, kardiak maqnit rezonans tomoqrafiya (MRT) miokardın dəqiq kütləsini və struktur dəyişikliklərini (fibroz) təyin edən qızıl standartdır. Məqsəd: Bu tədqiqatın məqsədi EKQ gərginlik (Sokolow-Lyon, Cornell) və repolyarizasiya (Strain) kriteriyalarının MRT sol mədəcik kütlə indeksi (MKİ) və miokardial fibroz dərəcəsi ilə əlaqəsini qiymətləndirməkdir. Material və Metodlar: Tədqiqata SMH şübhəsi ilə EKQ və kontrastlı kardiak MRT müayinələrindən keçmiş 77 xəstə (orta yaş 55.8±12.4, kişilər üstünlük təşkil edir) daxil edilmişdir. EKQ-də Sokolow-Lyon indeksi, Cornell gərginlik indeksi və ST segment depressiyası ilə müşayiət olunan T dalğası inversiyası (Strain pattern) analiz olunmuşdur. MRT müayinəsində sol mədəciyin kütlə indeksi (MKİ, gr/m²) və Late Gadolinium Enhancement (LGE) üsulu ilə miokardial fibroz faizi (%) kəmiyyətcə qiymətləndirilmişdir. Nəticələr: Tədqiqat nəticəsində Cornell gərginlik indeksinin Sokolow-Lyon indeksinə nisbətən MRT-də təyin olunmuş MKİ yüksəkliyi ilə daha həssas və stabil korrelyasiya göstərdiyi müəyyən edilmişdir. Ən əhəmiyyətli tapıntı EKQ Strain (ST-T yüklənməsi) patologiyası ilə bağlıdır: EKQ-də strain pattern qeydə alınan xəstə qrupunda, MRT-də təyin olunan miokardial fibroz (LGE %) və MKİ göstəriciləri ən yüksək həddə çatmışdır (fibroz ocaqları >20-40% sahəni əhatə etmişdir). Yekun: EKQ-də Cornell gərginlik indeksi SMH-nin qiymətləndirilməsində Sokolow-Lyon indeksinə nəzərən daha yüksək diaqnostik dəqiqliyə malikdir. Bununla bərabər, EKQ-də izlənən Strain pattern sadəcə funksional yüklənməni deyil, birbaşa miokardda inkişaf edən struktur patologiyasını və geri dönməz miokardial fibrozu (çapıqlaşmanı) proqnozlaşdıran mühüm spesifik meyardır.