REVMATOİD ARTRİTLİ XƏSTƏLƏRDƏ KRIOTERAPIYA VƏ QƏTRANSIZ NAFTALANIN KOMPLEKS ISTIFADƏSI
S.S. KərimovaTədqiqat zamanı revmatoid artritli xəstələrin kompleks reabilitasiyasında lokal krioterapiyanın effektivliyi araşdırılıb. Krioterapiya və qətransız naftalanın müalicə kompleksi və masajla birgə istifadəsi üçün müalicə üsulu işlənib hazırlanmışdır. Bütün xəstələr bir sıra immunoloji tədqiqatlar daxil olmaqla, klinik,instrumental və laboratoriya tədqiqatlarından keçmişdirlər. Hər bir xəstə qrupunun klinik və immunoloji vəziyyəti zamanla kəmiyyətcə qiymətləndirilmişdir. Tədqiqatın məqsədi - revmatoid artritli xəstələrdə krioterapiya və qətransız naftalanın birgə istifadəsinin təsirini qiymətləndirmək idi. Müalicə üsulundan asılı olaraq 70 xəstə hər biri 35 nəfər olmaqla 2 qrupa bölündü: I qrupa yalnız krioterapiya, II qrupa qətransız naftalanla birlikdə krioterapiya aparıldı. Bütün xəstələrə fizioterapiya və masaj təyin edildi. Müalicənin effektivliyi EÇS, C-reaktiv zülal və revmatoid faktoru, həmçinin leykositlərin faqositar aktivliyi və IgG, IgA, IgM, dövran edən immun komplekslərin, həmçinin T- və B- hüceyrələrinin səviyyəsi ilə qiymətləndirilib. Bu tədqiqatın nəticələri göstərdi ki, krioterapiya, fiziki terapiya və masaj da daxil olmaqla hərtərəfli reabilitasiya vizual analoq şkalasıyla uyğun olaraq ağrıları əhəmiyyətli dərəcədə azaldır, xəstələrin ümumi sağlamlığı, funksionallığı və hərəkətlik fəaliyyətini (əl tutma gücü və hərəkət gücü) qiymətləndirməsini yaxşılaşdırır. Immun sisteminin və RA xəstələrində kəskin faza aktivliyinin göstəricilərinin müsbət dinamikası immunostimulyasiya, immunokorreksiya, immunoprotektor və kompleks müalicənin iltihab əlehinə effektini göstərir. Bütün bunlar özünü idarə etmə qabiliyyətinin yaxşılaşdırılmasına, sosial və peşəkar statusun artırılmasına və nəticədə xəstələrin həyat keyfiyyətinin yaxşılaşmasına kömək edir.