QARACİYƏRİN İŞEMİK-REPERFUZİON ZƏDƏLƏNMƏSİ ZAMANI TROMBOSİTLƏRDƏ SİTOKİMYƏVİ DƏYİŞİKLİKLƏR
S.O. ŞahməmmədovaTədqiqatda işemiyanın müddətindən asılı olaraq trombositlərin sitokimyəvi statusunda baş verən dəyişikliklər öyrənilmişdir. İş, qaraciyərin işemiya-reperfüziya zədələnməsi (İRZ) modeli fonunda, üç qrupa bölünmüş 70 qeyri-xətti siçovul üzərində aparılmışdır: I qrup – nəzarət (intakt vəziyyət), II qrup – 5 dəqiqəlik işemiya, III qrup – 15 dəqiqəlik işemiya. Trombositlərdəki dəyişiklikləri qiymətləndirmək məqsədilə, qaraciyərin İRZ-sindən sonrakı 5-ci, 10-cu və 15-ci günlərdə götürülmüş qan yaxmaları hazırlanmışdır. Sitokimyəvi üsullarla trombositlərdə suksinat dehidrogenaza (SDH), nikotinamid-adenin-dinukleotid-fosfat oksidaza (NADFH-oksidaza), mieloperoksidaza (MPO), turş fosfataza (Turş F), qələvi fosfataza (Qələvi F), qlikogen (QL) və fosfolipidlərin (FL) miqdarı təyin edilmişdir. Əldə edilən nəticələr göstərir ki, qaraciyərin İRZ-sindən sonra trombositlərin funksiyasında ciddi dəyişikliklər baş verir: SDH, NADFH-oksidaza və Turş F-in aktivliyindəki dəyişikliklərlə yanaşı, hüceyrə strukturunun formalaşmasında mühüm rol oynayan FL və QL-in sitokimyəvi göstəricilərində də əhəmiyyətli dəyişikliklər müşahidə olunur. Bu dəyişikliklər eyni istiqamətli xarakter daşıyır və onların intensivliyi işemiyanın müddətindən asılı olaraq dəyişir. Qaraciyər İRZ-si zamanı trombositlərin sitokimyəvi parametrlərində ən ciddi dəyişikliklər uzunmüddətli işemiya fonunda baş verir və bunlar qaraciyər İRZ-sinin diaqnostikası üçün informativ meyarlar hesab olunur. Həmçinin, qaraciyər işemiya-reperfüziya sindromunun müalicə planına qeyd olunan fermentlərin səviyyəsini normallaşdıran preparatların daxil edilməsi üçün nəzəri əsaslar mövcuddur.