QARACİYƏRİN DAXİLİ QURULUŞUNUN NORMADA VƏ EKSPERİMENTDƏ (ÜMUMİ QARACİYƏR AXACAĞININ BLOKADASI MODELİNDƏ) HİSTOLOJİ VƏ ELEKTRON-MİKROSKOPİK TƏDQİQİ
N.H. ƏliyevaTədqiqatın məqsədi normal vəziyyətdə və ümumi qaraciyər axacağının mexaniki blokadası modelində qaraciyərin mikroskopik və ultramikroskopik strukturlarının morfoloji xüsusiyyətlərini öyrənmək idi. Tədqiqat materialı kimi 30 baş yetkin dovşan (mexaniki blokada modelində 15, nəzarət qrupunda isə 15 dovşan) istifadə edilmişdir. Öd axacağının blokadası modeli, qaraciyərdənkənar ümumi qaraciyər axacağının liqasiyası (bağlanması) yolu ilə yaradılmışdır. 2-3 saatdan sonra heyvanlar evtanaziya edilmişdir. Dovşanlar, nəzarət qrupundakı heyvanlar üçün tətbiq olunan metodla yarılmışdır. Eksperimental və nəzarət qruplarındakı dovşanların qaraciyərinin müxtəlif hissələrindən nümunələr götürülmüşdür. Bu nümunələrdən 5-7 mkm qalınlığında eninə kəsiklər hazırlanmışdır. Hazırlanmış kəsiklər hematoksilin və eozin, metilen mavisi ilə boyanmış, həmçinin Van Gizon metodu ilə işlənmişdir [7]. Preparatlar Almaniya istehsalı olan "MicroOptix" işıq mikroskopuna quraşdırılmış "Topica TP1002DS" video-təsvir sistemi vasitəsilə tədqiq edilmiş və fotoşəkilləri çəkilmişdir. Elektron-mikroskopik tədqiqatlar isə 80 kV gərginlikdə "FEI Tecnai G 2 Spirit BioTWIN" elektron mikroskopunda aparılmışdır. Qaraciyərin histoloji preparatlarının tədqiqi nəticəsində məlum olmuşdur ki, ümumi qaraciyər axacağının mexaniki blokadasından sonra toxumalarda orta dərəcəli hüceyrədaxili xolestaz, öd kapillyarlarında və axacaqlarında öd toplanması, paycıqlar ətrafında ödem və paycıqlararası arakəsmələrdə fibroz müşahidə olunur. Öd axacaqlarının forması dəyişməsə də, xolangiositlərdə şişkinlik və degenerativ dəyişikliklər baş verir. Əksər öd axacaqlarında divarların sklerozu və epitel örtüyünün itirilməsi qeyd edilmişdir. Bu zaman öd ətrafdakı boşluqlara sızaraq "öd gölməçələri"nin yaranmasına və sinusoid kapillyarların genişlənməsinə səbəb olur. Elektronqramlarda öd kapillyarlarında mikroxovluqların əhəmiyyətli dərəcədə itirilməsi, hepatosellülyar xolestaz, öd kapillyarlarının degenerativ iltihabı və axacaqlar ətrafında iltihabi fibroz prosesləri aşkar edilmişdir. Əldə edilmiş məlumatlar patoloji tədqiqatlarda – qaraciyər və öd yollarının atreziyası zamanı götürülmüş biopsiya və autopsiya materialları ilə müqayisə aparmaq üçün standartlar (normalar) qismində, həmçinin hepatoloq və cərrahlar tərəfindən bu patologiya zamanı müalicə taktikasının düzgün seçilməsi məqsədilə istifadə oluna bilər.