Pastinaca dentata BİTKİSİNDƏN ALINAN EKSTRAKTIN VƏ EFİR YAĞININ ANTİMİKROB TƏSİRİ
Hüsniyə Q. MəmmədovaPastinaca dentata növü Apiaceae Lindl fəsiləsinə aidir. Pastinaca dentata bitkisi kütləvi çiçəkləmə fazasında yığılaraq qurudulmuş və yerüstü hissəsini asetonla ekstraksiya edərək alınmış ekstraktiv maddələr cəmindən və efir yağından istifadə olunmuşdur. Alınan ekstrakt və efir yağının antimikrob və antifunqal təsirini öyrənmək məqsədilə test kultura kimi ümumi qəbul olunmuş qaydalardan disk-diffuziya üsulundan istifadə olunmuşdur. Belə ki, irinli-iltihabi proseslərin əsas törədicilərindən olan qram müsbət bakteriyaların Staphylococcus aureus, Bacillus antracoides, qrammənfi bakteriyalardan Esherichia coli, qeyri-fermentativ Pseudomonas aeruginosa və Klebsiella spp. istifadə olunmuşdur. Göbələk növlərindən isə şərti-patogen Candida albicans istifadə edilmişdir. Aparılan eksperimentdən məlum olmuşdur ki, P.dentata bitkisindən alınmış ekstrakt və efir yağı Esherichia coli, Pseudomonas aeruginosa, Klebsiella spp., Staphylococcus aureus mikroorqanizmlərin böyümə və inkişafının dayanmasına səbəb olur. Bacillus antracoides antimikrob təsir, Candida albicans göbələyinə isə funqisid təsir göstərmədiyi müəyyən olunmuşdur. Ekstrakın ən güclü təsiri, inhibisiya zonası 24 mm təşkil etməklə Esherichia coli-yə qarşı olmuşdur.