METABOLİK DİSFUNKSİYA İLƏ ƏLAQƏLİ PİYLİ QARACİYƏR XƏSTƏLİYİNDƏ EPİKARDİAL PİY QALINLIĞI: ERKƏN ATEROSKLEROZUN POTENSİAL BİOMARKERİ
Z. İmanovMetabolik disfunksiya ilə əlaqəli piyli qaraciyər xəstəliyi (MASLD) dünyada ən geniş yayılmış xroniki qaraciyər xəstəliklərindən biri olmaqla yanaşı, ürək-damar xəstəliklərinin inkişafı üçün müstəqil risk amili hesab edilir. Son illərdə aparılmış tədqiqatlar göstərmişdir ki, MASLD zamanı ürək-damar hadisələrinin yaranmasında yalnız klassik risk faktorları deyil, həm də metabolik aktiv visseral piy depoları mühüm rol oynayır. Bu baxımdan epikardial piy toxuması xüsusi maraq doğurur. Epikardial piy qalınlığı (EPQ) iltihabi sitokinlərin, adipokinlərin və profibrotik mediatorların sintezində iştirak edən metabolik aktiv piy deposudur. Onun artması koronar aterosklerozun inkişafı, endotel disfunksiyası, arterial sərtliyin artması və subklinik ateroskleroz göstəriciləri ilə sıx əlaqəlidir. Exokardioqrafiya vasitəsilə EPQ-nin qeyri-invaziv qiymətləndirilməsi erkən ürək-damar riskinin müəyyən edilməsində praktik əhəmiyyət daşıyır. Bu icmalda MASLD və epikardial piy toxuması arasında patofizioloji əlaqələr, EPQ-nin erkən ateroskleroz biomarkeri kimi rolu və klinik praktikada tətbiqi müasir elmi ədəbiyyat əsasında təhlil edilmişdir. Mövcud sübutlar göstərir ki, EPQ-nin qiymətləndirilməsi MASLD-li xəstələrdə ürək-damar riskinin daha erkən aşkarlanmasına və fərdiləşdirilmiş profilaktik strategiyaların seçilməsinə kömək edə bilər [1–4].