“MAKROFAQ MİQRASİYASI İNHİBİTORU FAKTORU” (MİF) İNYEKSİYASINDAN SONRA AĞ SİÇOVUL BRONX ŞƏBƏKƏSİNDƏ MORFOLOJİ DƏYİŞİKLİKLƏRİN DİNAMİKASI
A.Ə. ƏliyarbəyovaPleiotrop sitokin, immunomodulyator və immunorequlyator olan MIF, immun müdafiə mexanizmlərində, xüsusilə də qazanılmış immun cavabda iştirak edir və orqanizmin bir çox orqan və strukturlarında ekspressiya olunur. Eksperimental şəraitdə səthi şəkildə öyrənilməsinə baxmayaraq, onun kəskin və xroniki obstruktiv ağciyər xəstəliklərinin patogenezində rol oynaması ehtimal edilir. Tədqiqatlar Azərbaycan Tibb Universitetinin (ATU) Tədqiqat Mərkəzində, patogenlərdən azad mühitdə, standart qidalanma və su rejimi şəraitində saxlanılan, çəkisi 200–250 qram olan 60 baş yetkin ağ erkək laborator siçovulu üzərində aparılmışdır. Tədqiqatın məqsədi "Makrofaqların miqrasiyasını ləngidən faktor"un (MIF) yeridilməsindən sonra ağciyərdaxili bronx şəbəkəsinin strukturunu, onun hüceyrə tərkibini və dinamik dəyişikliklərini histoloji və elektron-mikroskopik səviyyədə öyrənmək; həmçinin bu göstəriciləri intakt (normal) qrup və müqayisə qrupu (plasebo – fizioloji məhlul yeridilən) ilə müqayisəli şəkildə təhlil etmək olmuşdur. Müəyyən edilmişdir ki, əsas qrupdakı təcrübə heyvanlarının bronx şəbəkəsində müşahidə olunan morfoloji dəyişikliklər tədricən baş verir. Belə ki, MIF-in venadaxili yeridilməsindən sonrakı ilk 2 saat ərzində ağciyərdaxili bronx şəbəkəsində yaranan dəyişikliklər 2 günə qədər davam edir. Növbəti 3–7 gün ərzində bu morfoloji dəyişikliklər tədricən bərpa prosesi ilə əvəz olunur. 15-ci gündə peribronxial zonada aşkar edilən fibroz əlamətləri sonrakı günlərdə daha aydın nəzərə çarpır. Eksperimental tədqiqatların nəticələri, ağciyərlərin patoloji proseslərində, xüsusilə də tənəffüs yollarının yenidən qurulması (remodeling) ilə müşayiət olunan obstruktiv xəstəliklərdə MIF-in və onu ekspressiya edən hüceyrələrin patogenetik əhəmiyyətinə dair yeni yanaşma üçün morfoloji əsas ola bilər.