KİSTOZ FİBROZUN BƏZİ KLİNİK-DİAQNOSTİK ASPEKTLƏRİ
E.V. QurbanovaTədqiqatın məqsədi uşaqlarda kistoz fibrozun diaqnosikasında klinik simptomların və laboratorinstrumental müayinə üsullarının əhəmiyyətinin öyrənilməsi olmuşdur. Material və metodlar. Bizim tərəfimizdən KF şübhəsi olan 3 aydan 12 yaşa qədər 142 uşaq müayinə olunmuşdur. Bütün pasientlərdə klinik təzahürlər, tər testi və genetik müayinənin nəticələri qiymətləndirilmişdir. Lazım olduqda əlavə müayinələr və mütəxəssislərin məsləhəti aparılmışdır. Nəticələr. KF diaqnozu 17 xəstədə təsdiq olunmuşdur. Onlardan 7-də (41,2%) diaqnozun qoyulmasında əsas rolu genetik müayinə oynamışdır, 10 (58,8%) xəstədə isə diaqnoz klinik təzahülər, təkrar (2-3 dəfə) tər testi və əlavə müayinələr əsasında təsdiqlənmişdir. Əlavə olaraq 7 xəstəyə döş qəfəsi orqanlarının kompüter tomoqrafiyası, 3 xəstəyə mədəaltı vəzin funksional vəziyyətini qiymətləndirmək üçün nəcisdə elastaza1 təyini, 2 uşağa –bəlğəmin götürülməsi ilə bronx-ağciyər lavajı, 10 uşağa-qarın boşluğu orqanlarının ultrasəs müayinəsi, 1 xəstəyə-qara ciyərin biopsiyası, 1 xəstəyə -qarın boşluğunun maqnit-rezonans tomoqrafiyası, 10 uşaqda- bəlğəmdə Pseudomonas aeruginosa aşkarlanması aparılmışdır. 8 xəstə otorinolarinqoloq tərəfindən məsləhət edilmişdir. Beləliklə, tədqiqatımızın nəticələrinə əsasən demək olar ki, təcrübədə klinik və laborator əlamətlərdən və müayinə üsullarından heç biri müstəgil şəkildə diaqnozu qoymağa imkan vermir, bu da həmin əlamətlərin kompleks şəkildə qiymətləndirilməyinin zəruriliyini göstərir.