DOI: 10.28942/jtcem.v1i1y2026.4 ISSN:

HIPOKINEZIYA ZAMANI KOGNITIV VƏ MOTOR POZUNTULARIN KORREKSIYASINDA FONTURACETAMIN EFFEKTIVLIYININ EKSPERIMENTAL QIYMƏTLƏNDIRILMƏSI

F.D. Abdulkerimova

Arxa ətrafların yüklənməsinin aradan qaldırılması (hindlimb unloading, HU) modeli ilə yaradılmış hipokineziya şəraitində yaranan hərəki və koqnitiv pozğunluqların korreksiyasında fonturasetamın effektivliyinin eksperimental qiymətləndirilməsi. Tədqiqata hər qrupda 15 heyvan olmaqla üç qrupa bölünmüş 45 yetkin erkək Wistar xəttinə mənsub siçovul daxil edilmişdir: nəzarət qrupu, hipokineziya (HU) qrupu və fonturasetam qəbul edən hipokineziya qrupu. Eksperimental hipokineziya arxa ətrafların yüklənməsinin aradan qaldırılması modeli ilə 14 gün ərzində yaradılmışdır. Fonturasetam mədə zondunun köməyi ilə gündə bir dəfə 10 mq/kq dozada yeridilmişdir. Hərəki aktivlik, tədqiqat davranışı və koqnitiv funksiyalar «Açıq sahə» (Open field) testi və passiv qaçınma şərti refleksi testi vasitəsilə qiymətləndirilmişdir. Statistik emal üçün birfaktorlu dispersiya analizi (One-way ANOVA) və müstəqil seçmələr üçün ikitərəfli Student t testindən istifadə edilmiş, p < 0,05 olduqda fərqlər statistik cəhətdən əhəmiyyətli hesab edilmişdir. Eksperimental hipokineziya lokomotor və tədqiqat aktivliyinin nəzərəçarpacaq dərəcədə azalması, vertikal aktivliyin zəifləməsi, bolyusların sayının artması, həmçinin öyrənmə və yaddaş proseslərinin pozulması ilə müşayiət olunmuşdur. Fonturasetamın tətbiqi horizontal və vertikal hərəki aktivliyin, tədqiqat davranışının və emosional reaktivliyin demək olar ki, tam normallaşmasına səbəb olmuşdur. Passiv qaçınma şərti refleksi testində preparat qaranlıq bölməyə ilk daxilolmanın latent dövrünün qısalmasının qarşısını almış, formalaşmış şərti refleksin qorunmasına şərait yaratmışdır ki, bu da koqnitiv funksiyaların yaxşılaşdığını göstərir. Heyvanların gündəlik müşahidəsi fonturasetam qəbul edən qrupda daha yüksək hərəki aktivliyi, eksperimental şəraitə daha sürətli adaptasiyanı və stresslə induksiya olunan davranış pozğunluqlarının daha zəif ifadə olunmasını təsdiq etmişdir.

More from our Archive