EKSPERİMENTAL ŞƏRAİTDƏ OSTEOPLASTİK MATERİALLARIN ÇƏNƏ SÜMÜKLƏRİNİN REGENERASİYA QABİLİYYƏTİNƏ TƏSİRİNİN ÖYRƏNİLMƏSİ
F.M. MüseyibovSon illərdə stomatologiya və çənə-üz cərrahiyəsi sahəsində əhəmiyyətli müsbət nəticələr əldə olunsa da, diş implantasiyası zamanı sümük kütləsi çatışmazlığı problemi hələ də aktual olaraq qalır. Tarixən bu problemin həlli üçün bir sıra üsullar işlənib hazırlanmışdır. Müasir stomatologiyada geniş istifadə olunan üsullar sırasına üst çənə sinusundan yan keçməklə (subantral) diş implantlarının yerləşdirilməsi, subperiostal implantların tətbiqi, seqmental osteotomiya, sümük blokları vasitəsilə həyata keçirilən müxtəlif plastik əməliyyatlar və s. daxildir. Lakin bu üsulların da bir sıra çatışmazlıqları mövcuddur. Məsələn, sinus-liftinq (sinus qaldırma) əməliyyatından yan keçmək cəhdləri çox vaxt şaquli sümük həcminin qeyri-kifayət olması, implantların qısa seçilməsi və ya körpüvari konstruksiyaların həddindən artıq uzun olması səbəbindən implantların qeyri-stabil vəziyyətdə qalması ilə nəticələnmişdir.